CƏMİYYƏT
Keniyalı nazir: Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün uğurlu nümunədir VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün uğurlu nümunədir.
Bu sözləri Keniyanın dövlət xidmətləri və insan kapitalının inkişafı naziri Castin Muturi AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində ölkələr və institutlar arasında daha sıx əməkdaşlıq, eləcə də innovasiyaların tətbiqi çox əhəmiyyətlidir. Bir çox ölkələrdə bu sahədə nümunəvi işlər görülür. Xüsusilə Azərbaycanın “ASAN xidmət” modeli olduqca innovativ təcrübədir.
Nazir COP29-un gedişində daha intensiv təcrübə mübadiləsinin aparılmasının və öhdəliklərin müəyyənləşdirilməsinin gözlənildiyini bildirib. Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli və məsuliyyətlə istifadə olunması məsələsinə də toxunan Castin Muturi COP29-da inkişaf etməkdə olan ölkələr üçün bu sahədə öyrəniləcək mühüm təcrübələrin bölüşüldüyünü qeyd edib. Bildirib ki, əsas sual resursları necə qorumaq və ətraf mühiti necə mühafizə etməkdir.
COP29-un yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edən keniyalı nazir deyib: “Azərbaycan bu tədbiri uğurla təşkil edib və buna görə təşəkkürümü bildirirəm. Ötən il Dubayda keçirilmiş COP28-də olduğu kimi, COP29-un da təşkilində ən yüksək standartlar tətbiq olunub”.