REGİONLAR
Keramika üzərində sənət FOTO VİDEO
Gəncə, 4 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər sakini Nağı Nağıyev 53 ildir keramika ustasıdır. Onun milli üslublarda hazırladığı boşqab, kuzə və müxtəlif təyinatlı süfrə qabları kimi əl işləri orijinallığı ilə fərqlənir.
AZƏRTAC-ın bölgə müxbiri bədii keramika ustasının emalatxanasına baş çəkib, hazırladığı bir-birindən maraqlı əl işləri ilə tanış olub.
Nağı Nağıyev bu sahəyə marağının hələ kiçik yaşlarından yarandığını bildirib: “Rəssamlıq və miniatür sənətini əmimdən öyrənmişəm. Bizim ailədə yaradıcılıq bacarığı irsidir. Mənim oğlumda da böyük qabiliyyət var, amma o, bu peşəni seçmədi. Ancaq nəvəm həvəslidir, onun da qabiliyyəti var. Düşünürəm ki, məndən sonra bu sənəti o davam etdirəcək”.
Sənətkarın təqdim etdiyi əl işlərinin üzərində Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl” kimi poemalarından götürülmüş müxtəlif obrazlara rast gəlmək olar.
Keramika ustası bir neçə ildir ABAD-la əməkdaşlıq edir. Əl işlərini daha çox alıcı qarşısına, yerli və beynəlxalq sərgilərə çıxara bilir.
Deyir ki, keramika peşəsi həm yüksək səbir, həm də texniki bilik tələb edir. Gildən məhsul yaratmaq çoxmərhələli prosesdir. Əsrlər boyu davam edən bu peşə Nağı ustanın əli ilə həm ənənəvi, həm də müasir yaradıcılığı birləşdirir. O, öz əl işləri ilə bu qədim sahəyə yeni çalarlar qatır.