İQTİSADİYYAT
KEYFİYYƏTSİZ VƏ SAXTA MALLAR SATIŞDAN ÇIXARILIR
Bakı, 6 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər zamanı Bakının Binəqədi rayonunda Qaya Bəşirova məxsus mağazada, “Cavid market”də, “Jalə market”də, Səməd Süleymanova məxsus mağazada, “Mehriban market”də, Nizami rayonunda “Ağ market”də, “NV market”də, “Könül market”də, Səbirə Şükürovaya məxsus mağazada, “Hakan Foods” MMC-yə məxsus soyuducu anbarlarda, Yasamal rayonunda “Yeni Dünya” supermarketində, Xudat şəhərində Elsevər Yarəhmədova məxsus mağazada, Kürdəmir şəhərində Şamil İsmayılova, Tahir Məmmədova və Arif İsmayılova məxsus mağazalarda, Tərtər rayonunda Vasif Rüstəmova məxsus mağazada, Gəncə şəhərində Arzuman Məmmədova məxsus mağazada, “Cavid market”də, Zaqatala rayonunda Fərid Əsgərova məxsus mağazada ümumi çəkisi 579 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.