CƏMİYYƏT
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib




Bakı, 21 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər paytaxtın Pirallahı rayonunun Pirallahı qəsəbəsində, Astara rayonunun Şahağac və Siyəzən rayonunun Balaca Həmyə kəndlərində təşkil edilib.
Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə, o cümlədən balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən balıqçılıq subyektlərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.