ELM VƏ TƏHSİL
Kimyaçı alimlər elmi nəticə əldə ediblər – tədqiqat
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti, Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı alimlərinin müştərək tədqiqatlarının nəticələri “Web of Science” bazasında indekslənən jurnalda (Journal of the Indian Chemical Society) nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Məqalədə qeyd edilir ki, son illərdə sözügedən tədqiqat qrupu 200-ə yaxın müxtəlif dihalogenləşdirilmiş vinildiazen sintez edib. Bu sinif birləşmələrin əksəriyyəti standart "bike stop" quruluşuna uyğun olub. Kimyaçı alimlərin müqayisəli təhlili nəticəsində müəyyən edilib ki, birləşmələrin növü (konformasiyası) eynidir, lakin molekullararası qarşılıqlı təsirlərin təbiəti fərqlidir. Nəzəri-təcrübi hesablamalarla o da müəyyən edilib ki, həm əvəzedicilərin təbiəti, həm də aromatik sistemlərdəki mövqeyi öz tənzimləmələrini edir. Bu işdə dihalogenləşdirilmiş vinildiazen birləşmələrin nümunələrindən istifadə edərək sintez edilən birləşmələrin strukturu ilə xlor atomunun iştirak etdiyi kovalent olmayan qarşılıqlı təsirlərin təbiəti arasında əlaqənin alqoritmi də qurulub.