KİNOREJİSSORUN XATİRƏ GECƏSİ
Tanınmış kinorejissor, respublikanın xalq artisti Rasim Ocaqov, respublikanın xalq artisti Rasim Balayev, respublikanın baş psixiatrı Ağabəy Sultanov, şair Baba Vəziroğlu, həkim-oftalmoloq Paşa Qəlbinur, “Sumqayıtın əks-sədası” qəzetinin baş redaktoru Eyruz Məmmədov və başqaları Davud İmanov haqqında xatirələrini danışdılar, sənədli filmlər ustası, böyük vətənpərvər, bir an belə yumor hissini itirməyən insan, “Mir” Dövlətlərarası Teleradio şirkətinin Azərbaycan milli nümayəndəliyinin keçmiş direktoru ilə unudulmaz əməkdaşlıq günlərini yada saldılar.
Natiqlər onun haqqında minikino ustası kimi söhbət açdılar. Davud İmanov Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən dərhal sonra sənədli filmlər çəkməyə başlamış, böyük incəsənət xadimlərinin - Rəşid Behbudov, Səttar Bəhlulzadə, Lyudmila Qurçenko və bir çox digərlərinin portretləri qalereyasını yaratmışdır.
Onun Bakıya və bakılılara həsr etdiyi tammetrajlı “Zirzəmi” bədii filmi Azərbaycan kinosunda layiqli yer tutmuşdur.
Davud İmanov uzun illər Sumqayıtda yaşamışdır və 1988-ci ilin fevralında burada baş verən hadisələr onun yaradıcılığında əksini tapmaya bilməzdi. Onun çəkdiyi və bu hadisələrin məğzini açıb göstərən üçseriyalı “Sumqayıtın əks-sədası” filmi respublika ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır.
“Mir” Dövlətlərarası Teleradio şirkətinin milli nümayəndəliyinin keçmiş əməkdaşları öz direktoru, onun yüksək peşəkarlığı və təlqinəlayiq vətənpərvərliyi haqqında danışdılar.
Sonda həmkar dostlarının Davud İmanov haqqında çəkdikləri kinofilm nümayiş etdirildi.