REGİONLAR
Kitabxanaçılar şəhid ailəsini ziyarət ediblər
Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Gənclər Kitabxanasının kollektivi Vətən müharibəsinin şəhidi, ailənin tək övladı Rüfət Zöhrab oğlu Mustafayevin ailəsini ziyarət edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı şəhidin anası Afət xanım övladı haqqında xatirələrini bölüşərək, Esmira Günəşin Rüfət Mustafayevə həsr etdiyi “Cənnətdən gələn hədiyyə” və “Qəlbimizin zirvəsində yaşayan qəhrəman...” adlı kitablarını kitabxanaya hədiyyə edib.
Kitabxana nümayəndələri kollektiv adından Rüfət Mustafayevin ailəsinə maddi və mənəvi dəstək göstəriblər.
Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində dünyaya göz açıb. Orta təhsilini Sumqayıt şəhər 18 nömrəli məktəbdə alıb. 2013-cü ildə Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robot texnika" fakültəsinə qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına yollanıb.
2020-ci il oktyabrın 9-dan 10-na keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri polkovnik-leytenant Zaur Cəfərov ilə birlikdə qəhrəmancasına şəhid olub.
Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.