Kitabxanada Aprel döyüşlərinə həsr olunmuş mühazirələr təşkil olunub
Bakı, 6 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşlərinə həsr olunmuş “Aprel döyüşləri, qələbəyə gedən yol” mövzusunda mühazirələr təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbə müdiri Tamella Məmmədova “Azərbaycan hərb tarixinin Aprel zəfəri”, kitabxanaçı Ülkər Nağıyeva “Aprel döyüşlərinin Milli qəhrəmanları Şükür Həmidov, Samid İmanov, Murad Mirzəyev”, Bakı Dövlət Universitetinin tələbəsi Mirramil Qasımlı “Aprel döyüşlərinin tarixi əhəmiyyəti” mövzularında mühazirələr oxuyublar.
Bildirilib ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Şöbə müdiri Səadət Şəfiyeva Aprel döyüşlərinə həsr olunmuş kitabların biblioqrafik icmalını təqdim edib.
Sonda “Aprel döyüşləri” adlı kitab sərgisinə baxış keçirilib.