Kitabxanada yazıçı Əli Tudənin 95 illiyi qeyd edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Əliağa Vahid adına 1 saylı filialında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxanada şair Əli Tudənin 95 illiyi ilə əlaqədar oxucularla söhbət aparılıb. Kitabxana filialının müdiri Mətanət Qasımova yazıçının həyat və yaradıcılığı, onun mükafatları haqqında məlumat verib. Bildirib ki, Azərbaycan şairi, Əməkdar incəsənət xadimi Əli Tudə 1924-cü ildə Ərdəbildə anadan olub. O, Azərbaycanın sevilən şairlərindən biri kimi daima azadlıq duyğusu ilə yaşayıb.
Diqqətə çatdırılıb ki, Əli Tudə 40-a yaxın kitabın, 50 poemanın müəllifidir. Onun əsərləri rus, ingilis, özbək və başqa dillərə tərcümə edilib.
Kitabxanada Əli Tudəyə həsr olunmuş kitab sərgisi açılıb və oxucular Əli Tudənin kitabxanada olan əsərlərini müzakirə ediblər.