Kiyev və Əbu-Dabi ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər




Kiyev, 17 fevral, AZƏRTAC
Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Volodimir Zelenski və Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə ukraynalıların Rusiya əsirliyindən geri qaytarılmasını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Ukraynanın dövlət rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ukraynalı əsirlərin azad edilməsində göstərdiyi dəstəyinə görə təşəkkür edib. Bu ölkənin vasitəçiliyi ilə artıq 12 əsir mübadiləsi həyata keçirilib. Ukrayna BƏƏ ilə birgə daha çox ukraynalının evə qayıtmasına nail olmağa ümid edir.
V.Zelenski cəbhədəki son vəziyyət və Ukrayna ilə müharibədə Şimali Koreya əsgərlərinin də iştirak etmələri barədə məlumat verib. O qeyd edib ki, Rusiya ilə Şimali Koreya və İran arasında mövcud ittifaq bütün dünyaya, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə birbaşa təhlükədir. Prezident Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.
Zelenski Ukrayna tərəfinin müharibənin başa çatdırılması, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində etdiyi səyləri nəzərə çatdırıb.
Dövlət rəhbəri bildirib ki, Ukrayna dünyada ərzaq təhlükəsizliyinin qarantlarından biridir. “Ukraynadan buğda” humanitar layihəsi həyata keçirildiyi müddətdə milyonlarla insanın həyatı xilas olunub. Layihə çərçivəsində Kiyev daha çox ehtiyacı olan 15 ölkəyə 286 min tondan çox aqrosənaye məhsulu göndərib.
V.Zelenski Suriya xalqına yardım edilməsini nəzərdə tutan yeni “Ukraynadan məhsul” proqramı barədə məlumat verib və BƏƏ-ni bu proqrama dəstək verməyə çağırıb.
Tərəflər Misirdə ərzaq mərkəzinin yaradılması üzrə potensial layihələri və Ukraynada kənd təsərrüfatı proqramlarının həyata keçirilməsinin mümkünlüyünü, həmçinin innovasiya və iqtisadi-ticari sahələrdə əməkdaşlığın inkişafını müzakirə ediblər.
Müharibəyə qədər Ukrayna ilə BƏƏ arasında ticarət dövriyyəsi 1.15 milyard ABŞ dolları təşkil edib. Məlumatda deyilir ki, hərbi əməliyyatlar nəticəsində dövriyyənin həcminin aşağı düşməsinə baxmayaraq, göstəricilər ildən-ilə yenidən qalxır.
Prezidentlərin iştirakı ilə Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Uliya Sviridenko və BƏƏ-nin xarici ticarət dövlət naziri Tani bin Əhməd Al Zeydi arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna Fars körfəzi ölkələrindən biri ilə ilk dəfə belə bir sənəd imzalayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev