KİYEVDƏ AZƏRBAYCAN BAZAR GÜNÜ MƏKTƏBİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Kiyev, 4 aprel (AZƏRTAC). Kiyev şəhərinin Qorki küçəsindəki 37 nömrəli orta ümumtəhsil məktəbi... Azərbaycan bazar günü məktəbi aprelin 4-də bu ünvanda “qeydiyyata alınmışdır”.
Məktəbin təntənəli açılış mərasimində Azərbaycan diplomatları, Ukrayna paytaxtı meriyasının yüksək vəzifəli məmurları, Kiyev şəhəri Qoloseyev rayonun rəhbərləri, diaspor nümayəndələri iştirak etmişlər. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev mərasimdə çıxış edərək vurğulamışdır ki, bu məktəbin açılması Prezident Viktor Yuşşenkonun Bakıya işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna dövlətinin başçısı arasında əldə edilmiş razılaşma əsasında mümkün olmuşdur.
Tələt Əliyevin fikrincə, məktəbin məhz bu bahar günlərində açılması da dərin rəmzi məna daşıyır, çünki aprelin 9-10-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana səfər edəcəkdir.
Səfir Ukrayna paytaxtı meriyasının, Qoloseyev rayonundakı 37 nömrəli məktəbin, habelə Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) və UAK-ın Kiyev təşkilatının xoş məramına, azərbaycanlı uşaqların öz xalqının ana dilini və ədəbiyyatını, qədim tarixini və zəngin mədəniyyətini öyrənə biləcəkləri məktəbin yaradılmasında fəal iştirakına görə təşəkkürünü bildirmişdir.
Səfir sonda Ukrayna dilində “Azərbaycan xalq nağılları”, ikicildlik “Azərbaycan poeziyasi antologiyası” kitablarını, Azərbaycanca-ukraynaca lüğətləri və başqa nəşrləri məktəbə hədiyyə etmişdir.
Kiyev meriyası Baş Təhsil İdarəsinin rəisi Liliya Qrineviç, Qoloseyev rayon administrasiyası başçısının müavini Yakov Lev azərbaycanlı uşaqlar üçün bazar günü məktəbinin açılmasına şad olduqlarını vurğulamış və bu işə gələcəkdə də öz köməklərini təklif etmişlər.
UAK-ın sədri Akif Gülməmmədov və UAK Kiyev təşkilatının rəhbəri Oleq Krapivin şagirdlərə təhsildə uğurlar arzulamışlar.
Elə həmin gün müəllimə Səfayə Naibova bazar günü məktəbində ilk dərs keçmişdir. Səfayə xanım həmin dərsi görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadının “Ana dili” şeirini oxumaqla başlamışdır.
37 nömrəli məktəbin direktoru Nikolay Vitman AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində qeyd etmişdir ki, o, rəhbərlik etdiyi tədris müəssisəsi bazasında Azərbaycan bazar günü məktəbi yaradılması ideyasını lap əvvəldən dəstəkləmişdir. O demişdir: “Bizim məktəbdə oxuyan azərbaycanlı şagirdlər az deyil, özü də onları yalnız müsbət cəhətdən səciyyələndirmək olar”. Direktor bu sözlərini faktlarla təsdiqləyərək bildirmişdir ki, keçən il bu məktəbin azərbaycanlı məzunlarından beş nəfəri Ukraynanın ən yaxşı ali məktəblərinə qəbul edilmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev