KİYEVDƏ UKRİNFORM AGENTLİYİNİN 90 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 14-də Kiyevdə Ukrayna Milli İnformasiya Agentliyinin - Ukrinformun 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur.
Təntənələrdə iştirak etmək üçün Ukrayna paytaxtına gəlmiş Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın baş direktoru Aslan Aslanov mayın 14-də ölkəmizin Kiyevdəki səfiri Tələt Əliyev ilə birlikdə ümummilli lider Heydər Əliyevin diplomatik nümayəndəliyimizin yaxınlığındakı bağda ucaldılmış abidəsi önünə al qızıl güllər düzmüşlər.
Həmin gün Aslan Aslanov Ukrinformun baş direktoru Viktor Çamara ilə görüşmüşdür. Agentliyin rəhbərini və bütün kollektivini şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edən A.Aslanov onlara yeni yaradıcılıq uğurları arzulamış, AZƏRTAC ilə Ukrinform arasında əməkdaşlığın əhəmiyyətini vurğulamış, həmkarına Azərbaycan xalçası hədiyyə etmişdir.
AZƏRTAC və Ukrinformu ikitərəfli əməkdaşlıqla yanaşı, həm də Qara Dəniz Ölkələri İnformasiya Agentlikləri Assosiasiyası (PANİA), habelə Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində tərəfdaşlıq əlaqələri bağlayır.
AZƏRTAC bu ilin aprelində Tallində (Estoniya) keçirilən iclasda böyük səs çoxluğu ilə EANA-ya üzv qəbul edilmişdir. Kiyevdə EANA-nın prezidenti, Avstriya İnformasiya Agentliyinin icraçı direktoru Volfqanq Vislozil və EANA-nın baş katibi Erik Naylen ilə görüşdə Aslan Aslanov AZƏRTAC-ın bu nüfuzlu Avropa informasiya qurumuna qəbul olunması prosesində fəal dəstəyə və xoş məramlarına görə onlara səmimi təşəkkürünü bildirmişdir. Bundan əlavə, AZƏRTAC-ın baş direktoru İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Kalmıkov, Belarusun BELTA agentliyinin baş direktoru Dmitri Juk, Frans-Press agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Fransua Qranye ilə də görüşlər keçirmişdir.
Mayın 14-də axşam “Ukrayna evi” incəsənət sarayında ali dövlət oqranlarının, Ukrayna ictimaiyyəti nümayəndələrinin və xarici qonaqların iştirakı ilə Ukrinformun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Rəsmi hissədə Ukrayna Prezidentinin, Baş nazirin və Ali Radanın sədrinin təbrik məktubları oxunmuşdur. Dövlət başçısının fərmanı ilə Viktor Çamara II dərəcəli “Xidmətlərə görə” ordeninə layiq görülmüşdür. Yubiley gecəsində Ukrinformun rəhbərliyinə və əməkdaşlarına çoxlu sayda mükafatlar, fəxri adlar, fəxri fərmanlar, Ukrayna nazirlikləri və idarələri, müxtəlif ictimai təşkilatlar tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.
Mərasim bayram konserti ilə başa çatmışdır.