Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb - YENİLƏNİB 2
Kiyev, 24 may, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik və qanadlı raketlərlə hava zərbələri endirməsi nəticəsində yaşayış binalarına və məktəblərə ziyan dəyib, dağıntılar var, 10-dan artıq mülki şəxs xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
O bildirib ki, raket zərbəsindən 'Lukyanovka" metrosunun tavanı uçub, həmin ərazinin yaxınlığında yerləşən bazar isə tamamilə yanıb.
Şevçenko rayonunda raketin qalığının düşməsi nəticəsində orta məktəbə ziyan dəyib. Məktəbin içərisində insanlar olan sığınacağının girişi isə bağlanıb. Hazırda orada xilasetmə işləri aparılır.
Qeyd edək ki, 5 saatdan çoxdur Kiyevə hava zərbələri endirilir.
02:57
Bu gecə Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenko rayonuna atdığı raketin qalıqları 24 mərtəbəli binaya düşüb. Dağıntı var, itkilər barədə məlumat dəqiqləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində məlumat yayıb.
O, həmçinin bildirib ki, Şevçenko rayonunda yaşayış binasının yaxınlığında yanğın baş verib.
Padol rayonunda zərərsizləşdirilən raketin qalıqları isə qeyri-yaşayış sahəsinə düşüb. Xəsarət alanlar var.
Kiyevə hava zərbələri davam edir.
02:26
Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Kiyevə əsasən ballistik raketlərlə zərbələr endirilir və hazırda şəhərdə güclü partlayış səsləri eşidilməkdədir.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko əhalini sığınacaqlarda qalmağa çağırıb.
Dağıntılar, həmçinin itkinin olub-olmaması barədə hələlik məlumat verilməyib.