Kiyevə növbəti raket hücumu: ölənlər və xəsarət alanlar var - AZƏRTAC-ın xüsusi reportajı VİDEO







Kiyev, 24 iyun, AZƏRTAC
Kiyev iyunun 24-nə keçən gecə qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyevə atılan 20-dən artıq raket zərərsizləşdirilib. Zərərsizləşdirilən raketlərdən birinin qalıqları Kiyevin mərkəzi hissəsində 24 mərtəbəli yaşayış binasına ciddi ziyan vurub, üç mərtəbə sıradan çıxıb.
Hadisə yerinə gələn Kiyev şəhər meri Kliçko bildirib ki, partlayış zamanı ziyan görən vətəndaşlara dövlət tərəfindən yardım ediləcək. Hazırda dəyən zərər araşdırılır.
Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, yaralılar var. Dayanacaqdakı 40-a yaxın avtomobilə ziyan dəyib. Axtarış və təmizləmə işləri aparılır.
Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnat telemarafon zamanı açıqlayıb ki, iyunun 24-nə keçən gecə Ukrayna ərazisinə 50-dən artıq raket atılıb.
AZƏRTAC-ın xüsusi müxbirinin hadisə yerindən hazırladığı video və fotomaterialı təqdim edirik.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev