İQTİSADİYYAT
Klaus Geil: Aİ ilə Azərbaycan arasında aviasiya sahəsində uğurlu inkişaf müşahidə edirik
Bakı, 24 yanvar (AZƏRTAC). Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında aviasiya sahəsində uğurlu dərəcədə inkişaf müşahidə edirik. Düşünürük ki, apardığımız danışıqlar və əldə olunacaq razılaşmalar hər iki tərəf üçün iqtisadi fayda verəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 24-də Aİ ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqların aparılmasına məsul şəxs, Avropa Komissiyasının xarici aviasiya siyasəti şöbəsinin, həmçinin Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Klaus Geil demişdir.
Aparılan danışıqların turist axınına və insanların yeni iş yerləri ilə təmin olunmasına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirən K.Geil, Azərbaycan ilə bu istiqamətdə danışıqlara başlanılmasından şad olduğunu vurğulamışdır.
Avropa Komissiyasının nümayəndəsi Aİ ilə Azərbaycanın aviasiya sahəsində əlaqələrinin güclənməsinə və dərinləşməsinə ümid etdiyini bildirərək demişdir: “Biz Azərbaycana bu istiqamətdə kömək göstərəcəyik və artıq danışıqlara başlamışıq. Bu, Azərbaycan ilə əlaqələrimizin inkişaf etdirilməsi üçün atılmış çox mühüm bir addımdır”.
Uçuşların təhlükəsizliyi ilə bağlı məlumat verən K.Geil əlavə etmişdir ki, Azərbaycan ilə apardığımız danışıqlar hərtərəflidir və aviasiyanın bütün sahələrini əhatə edir. Biz artıq Azərbaycan ilə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik. Avropa Aviasiya Təhlükəsizlik Agentliyinin (EASA) Azərbaycan ilə sıx əlaqələri vardır. Təbii ki, baş verən prosesləri də müşahidə edirik. Biz Azərbaycan ilə əməkdaşlığa davam edəcəyik və aviasiya sahəsində də əlaqələrimizi dərinləşdirəcəyik. Aİ-nın standartları ilə yüksək səviyyədə təhlükəsizliyin təmin olunmasına gəldikdə, Avropa Komissiyası, üzv dövlətlər və EASA Azərbaycanı bu prosesdə dəstəkləyəcəkdir və burada tam təhlükəsizliyin təminatına şərait yaradacaqdır. Aviasiyada təhlükəsizlik hər zaman ön sıradadır. Bu, gələcəkdə danışıqlar prosesində müzakirə olacaq ən mühüm məsələlərdən biridir.