KOBİA: Məqsədimiz AQEM çərçivəsində bizneslərə fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir VİDEO

Bakı, 20 may, AZƏRTAC
Azərbaycanın sədrliyi çərçivəsində məqsədimiz Qazaxıstanın irəli sürülən təşəbbüslər əsasında inkişaf edərək bizneslərimizə real fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu təşəbbüslərdən biri də AQEM katibliyi tərəfindən təqdim olunmuş “CICA KOS bələdçisi” layihəsidir.
“Bu layihə sahibkarlığa başlamaq, maliyyə çıxış əldə etmək və yeni bazarlara daxil olmaqla bağlı praktik tövsiyələr təqdim edən dəyərli bir resursdur. Bələdçidə biznesin qeydiyyatı, normativ-hüquqi çərçivə, maliyyə və investisiya imkanları barədə əsas məlumatlar yer alır. Lakin bu bələdçinin tam potensialının reallaşdırması üçün AQEM-ə üzv bütün dövlətlərin bilik və təcrübəsi ilə daha da zənginləşdirilməsinə ehtiyac var. Sizin ən yaxşı təcrübələriniz, tövsiyələriniz bu bələdçini daha əhatəli və regiondakı sahibkarlar üçün faydalı bir alətə çevirə bilər. Yerli məlumatların, normativ yeniliklərin və uğurlu nümunələrin paylaşılması sayəsində bu bələdçini sahibkarların biznes mühitində uğurla fəaliyyət göstərə bilməsi üçün açar resursa çevirmək mümkündür”, - deyə KOBİA sədri əlavə edib.