KOBİA-nın nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Beynəlxalq İqtisadiyyat Sammitində iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, aprelin 24-26-da Tatarıstan Respublikasının Kazan şəhərində Rusiya Federasiyası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin 11-ci Beynəlxalq İqtisadiyyat Sammiti keçirilib. Tatarıstan Respublikası və İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələri arasında ticari-iqtisadi, elmi-texniki, sosial və mədəni əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparıldığı tədbirdə KOBİA-nın nümayəndələri də iştirak ediblər.
Sammit çərçivəsində KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Malayziyanın sahibkarlığın inkişafı naziri Mohd Redzuan Yusof ilə görüşərək təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparıb.
KOBİA-nın rəhbəri Tatarıstanın sahibkarlığın inkişafı üzrə model müəssisəsində iş prosesi ilə də tanış olub.