SİYASƏT
Kolumbiyanın Xarici İşlər Nazirliyi: “Azərbaycan xalqının 1991-ci ildə uğurla başa çatmış öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşırıq”
Bakı, 17 yanvar (AZƏRTAC). Kolumbiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, notada 1990-cı il yanvarın 20-də Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı təcavüz zamanı baş vermiş Qara Yanvar kimi tanınan hadisələrə istinadən bildirilmişdir ki, Kolumbiyanın xarici siyasət idarəsi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir.