KONKUR ÜZRƏ BEŞİNCİ BEYNƏLXALQ TURNİR BAŞA ÇATMIŞDIR
“HEYDƏR ƏLİYEV KUBOKU”NU AZƏRBAYCAN İDMANÇISI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Cıdır Meydanında “Günay” atçılıq idman klubunun təşkilatçılığı ilə keçirilən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konkur üzrə beşinci beynəlxalq turnirin ikinci günü-mayın 11-də qalib müəyyən edilmişdir. Azərbaycan idmançısı, “Günay” atçılıq idman klubunun jokeyi Seyid Musayev “Rodriqo” ləqəbli atla “Heydər Əliyev kuboku”nun sahibi olmuşdur.
Turnirin ikinci günü 6 idmançı 10 atla mübarizə aparmışdır. İki gitdən ibarət bu mərhələdə idmançılar hər birinin hündürlüyü 125 santimetr olan 12 maneəni dəf etməli olmuşlar. Birinci gitin nəticələrinə əsasən Gürcüstan idmançısı, Tbilisi cıdır meydanının jokeyi İvan Norakidze “Errosi” ləqəbli atla marşrutu 74,31 saniyəyəyə, Azərbaycanın “Günay” atçılıq idman klubunun üzvləri Seyid Musayev “Rodriqo” ləqəbli atla 75,44 saniyəyə, Ramiz Rzayev “Qroq” ləqəbli atla 76,31 saniyəyə, “Razborçivıy” ləqəbli atla 766,88 saniyəyə cərimə xalsız qət etmişlər.
İkunci gitdə də Ramiz Rzayev (“Qroq”, “Raborçivıy” və “Qrad” ləqəbli atlarla müvafiq olaraq 53,31, 57,72 və 63,45 saniyəyə), Seyid Musayev (“Qrom” və “Rodriqo” ləqəbli atlarla müvafiq olaraq 54,22 və 56,19 saniyəyə), İvan Narakidze (“Errosi” ləqəbli atla 74,31 saniyəyə) maneələri cərimə xalsız keçmişlər.
Bundan sonra “Heydər Əliyev kuboku”nun qalibini müəyyən etmək üçün bu üç idmançı arasında əlavə yarış keçirilmişdir. Starta birinci çıxan və mayın10-da turnirin “Xəzər” kubokunu qazanmış Ramiz Rzayev “Qroq” ləqəbli atla elə strtdaca uğursuzluğa düçar olmuşdur. O, qaydaları pozduğuna görə atı ilə birlikdə yarışlardan kənarlaşdırılmışdır. Uğursuz başlanğıcdan özünə gələ bilməyən Ramiz Rzayev “Razborçivıy” ləqəbli atla marşrutu 57,91 saniyəyə 9 cərimə xalı ilə başa vurmuşdur. Ənənəvi turnirin ötənilki qalibi Seyid Musayev isə marşrutu 49,25 saniyəyə cərimə xalsız qət etmişdir. İvan Narakidze “Errosi” ləqəbli atla marşrutu 46,34 saniyəyə dəf etsə də 4 cərimə xalı almışdır.
Beləliklə, Azərbaycan idmançısı, “Günay” atçılıq idman klubunun jokeyi Seyid Musayev “Rodriqo” ləqəbli atla beynəlxalq turnirin qalibi adını qazanmışdır. İvan Narakidze “Errosi” ləqəbli atla ikinci, Ramiz Rzayev “Razborçivıy” ləqəbli atla üçüncü, “Qroq” ləqəbli atla isə dördüncü yeri tutmuşlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə beynəlxalq yarışılar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur.
Bakı Dövlət Cıdır Meydanında keçirilən mərasimdə Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) nümayəndəsi, yarışların baş hakimi Pyotr Solovyov turnirin baş mükafatını-”Heydər Əliyev kuboku”nu Seyid Musayevə təqdim etmişdir. Turnirin digər qalibləri-İvan Narakidze və Ramiz Rzayev tutduqları yerlərə uyğun olaraq Fəxri fərman və pul mükafatları almışlar.
Qaliblər Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında meydanda dövrə vurmuşlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş konkur üzrə beşinci beynəlxalq turnir başa çatmışdır.
######
