Konsaltinq və IT şirkətlərinin nümayəndələrinə iqtisadi islahatlar barədə məlumat verilib
Bakı, 25 yanvar, AZƏRTAC
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) konsaltinq və informasiya texnologiyaları (IT) şirkətlərinin nümayəndələri dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar barədə məlumatlandırılıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyev tərəfindən dövlət aparatının çevikliyinin və səmərəliliyinin daha da artırılması, hesabatlılığın və şəffaflığın təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə son bir ay ərzində kompleks islahatlar həyata keçirildiyini deyib.
Tədbirdə tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, bir prosedurla hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi ilə bağlı təqdimatlar olub və özəl sektorun nümayəndələri ilə müzakirələr aparılıb.
Məlumat verilib ki, sahibkarlıq subyektləri üçün əlverişli biznes mühitinin formalaşdırılması, səmərəliliyin və operativliyin artırılması istiqamətində görülən işlər nəticəsində tikinti obyektinin tikintisi və istismarına icazələrin alınması üzrə prosedurların və günlərin sayı azaldılıb, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiya nəticəsində sadəcə bir prosedurla qeydiyyat mərhələsinin bütünlüklə aparılması imkanı yaradılıb. Həmçinin elektron satınalma modelinə keçid təmin edilib.