KONSERTDƏ ƏN YAXŞILAR ÇIXIŞ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, gənc ifaçıların birinci respublika müsabiqəsi mayın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük konsert proqramı ilə başa çatmışdır.
Gecəni təhsil naziri Misir Mərdanov açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin bütün dünyada qeyd olunan yubileyi təkcə azərbaycanlılar tərəfindən bayram edilmirdi. Bu əlamətdar tarix münasibətilə konsertlər, sərgilər və digər genişmiqyaslı tədbirlər keçirilmişdir. Nazir demişdir: “Dahi lider Heydər Əliyevin böyüməkdə olan nəslə böyük qayğı ilə yanaşmasını xatırlayırıq. Odur ki, gənc ifaçıların ulu öndərin xatirəsinə həsr olunmuş müsabiqəsini keçirmək qərarına gəldik”. O vurğulamışdır ki, təşkilati məsələlərin bütün ağırlığını Bülbül adına orta ixtisas musiqi məktəbi öz üzərinə götürmüş və bu işin öhdəsindən uğurla gəlmişdir. M.Mərdanov mədəniyyət və təhsil kimi mühüm sahələrə qayğı və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Bülbül adına məktəbin direktoru Nigar Cərullaqızı müsabiqə barədə qısa məlumat vermişdir. Musiqi marafonunda 3 yaş kateqoriyasında - 7-11, 11-15 və 15-17 yaşlı uşaqlar iştirak etmişlər. Müsabiqənin birinci turu iki mərhələdə - regionlarda (aprelin 18-dək) və Bakı məktəblərinin şagirdləri arasında (25-30 aprel) keçirilmişdir. Təşkilatçılar ikinci turu Şəkidə (1-4 may) keçirmişlər. Gənc ifaçıların istedadını Fidan və Xuraman Qasımova bacıları, pianoçu Murad Hüseynov, dirijor Fəxrəddin Dadaşov və Azad Əliyev və digər ustadlardan ibarət münsiflər heyəti qiymətləndirmişdir.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunmuşdur. Konsertdə ən yaxşılar - Vurğun Vəkilov (1-ci yer, fortepiano), Toğrul Hüseynli (1-ci yer, fortepiano), Nəzrin Zərbəliyeva (1-ci yer, vokal), Zakir Teymurxanlı (1-ci yer, vokal), Mirhüseyn Əsədullayev (qran-pri, tar), Naxçıvan musiqi kollecinin şagirdi Sevinc Babayeva (qran-pri, kanon), Təhminə Abdullayeva (1-ci yer, skripka) iştirak etmişlər. Gənc musiqiçilər Azərbaycan və xarici ölkə klassiklərinin əsərlərini ifa etmişlər.
######
