Konsertmeyster ustalığı üzrə birinci respublika müsabiqəsinə yekun vurulub
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsertmeyster ustalığı üzrə birinci respublika müsabiqəsinə yekun vurulub.
BXA-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edən müsabiqəyə respublikamızın müxtəlif bölgələrindən 50-dək gənc ifaçı qatılıb. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qaliblər mükafatlandırılıb.
Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində birinci yerə Nərmin İbrahimova, Tutu Məmmədli, Ülviyyə Dadaşova, Rəna Zəkiyeva, ikinci yerə Mənzər Arzumanzadə, Arzu Hüseynova, Cəmalə Abdinzadə, üçüncü yerə isə Adilə İbrahimli, Səma Xəlilzadə, Simuzər Səmədova, Dinarə Rəhimova və Elnur Cəfərli layiq görülüblər.
İlk üç yerin qaliblərinə diplomlar, digər müsabiqə iştirakçılarına isə sertifikatlar təqdim edilib.