CƏMİYYƏT
Könüllülük fəaliyyəti tələbə-gənclərin intellektini və potensialını üzə çıxaran ən böyük faktorlardan biridir

Bakı, 4 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Bu Sərəncam Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində böyük rol oynayaraq mühüm hadisə kimi tarixə yazılan mötəbər idman yarışları və mədəni tədbirlərin təşkilində və keçirilməsində əməyi əvəzsiz olan könüllülərin fəaliyyətinə, yerinə və roluna verilən ən yüksək qiymətdir. Azərbaycanda könüllülüyün bir hərəkat kimi formalaşmasının ən böyük dəstəkçiləri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevadır. Xalqımızın könüllülük ənənələrinin dərin kökləri olsa da, bu fəaliyyətin bir hərəkat kimi daha geniş vüsət alması Azərbaycan brendi və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət”in yaradılması ilə mümkün olub. Artıq könüllülər olmadan irimiqyaslı tədbirlərin təşkil olunması və keçirilməsi demək olar ki, mümkün deyil, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək cəmiyyətin bütün təbəqələrinə yayılıb, tələbə-gənclər arasında isə ənənəyə və həyat tərzinə çevrilib. Könüllülük hərəkatı ölkəmizdə geniş vüsət alıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında minlərlə gəncin birləşdiyi proqramlar və könüllü qrupları yaradılıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova bildirib.
O vurğulayıb ki, könüllülük fəaliyyəti tələbə-gənclərin intellektini və potensialını ortaya çıxaran ən böyük faktorlardan biridir. Könüllü kimi fəaliyyət göstərmək gənclərə ilkin əmək və kollektivdə işləmək vərdişləri qazandırmaqla yanaşı, onlarda vətənpərvərlik və dövlətçiliyə sədaqət kimi keyfiyyətlərin formalaşmasında böyük rol oynayır. Müxtəlif qurumların tərkibində yaradılan könüllülük proqramlarına qoşulan tələbələr sahənin özünəməxsus xüsusiyyətlərini öyrənərək həm gələcək kadr kimi yetişir, həm də dövlətçiliyə bağlı vətəndaş kimi formalaşırlar. Bəzi proqramlarda isə onlar öz ideya və fikirlərini həyata keçirmək imkanı əldə edərək layihələrin həyata keçirilməsi prosesini öyrənirlər. Bütün bunları nəzərə alan Azərbaycan Universiteti ölkədə gedən bu prosesdən kənarda qalmır. Tələbələrimiz ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunları, 2017-ci ildə keçirilmiş dördüncü İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq keçirilən Formula 1 yarışları, “İrəli” İctimai Birliyinin könüllülük layihələri və daha onlarla dövlət və beynəlxalq tədbirlərə könüllü kimi qoşularaq öz töhfələrini veriblər.
“Ardıcıl iki ildir ki, tələbələrimiz üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA Könüllülük Proqramının təqdimatı təşkil olunur. AFFA 2020 Avropa Çempionatı çərçivəsində Bakı şəhərində keçiriləcək oyunların təşkilində 2 min könüllü tələbənin cəlb olunması nəzərdə tutulub. Universitetimiz ötən ilin noyabr ayında Təhsil Nazirliyinin “Bir” Tələbə Könüllü Proqramına qoşulub. Proqram 2015-ci ildə Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işin sistemləşdirilməsi, könüllülük fəaliyyətinin stimullaşdırılması, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılıb. Hazırda onlarla tələbəmiz “Bir” Tələbə Könüllü Proqramının üzvü kimi fəaliyyət göstərir, böyük idman yarışları və tədbirlərin keçirilməsində iştirak edirlər. “DOST” könüllüsü, “ASAN xidmət” mərkəzlərində könüllü olaraq işləyən məzunlarımızın bir çoxu bu gün müxtəlif qurumlarda və vəzifələrdə ölkəmizin tərəqqisi üçün çalışırlar. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Universitetində yaz semestrində “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin tələbə-könüllüləri üçün məqalələrin yaradılması və redaktə olunması qaydaları haqqında təlimlər təşkil olunacaq və “Vikipediya” könüllülərimiz bu internet resursunda yer alan məqalələrin yenilənməsi və yeni mənbələrlə zənginləşməsi prosesində iştirak edəcəklər. Hazırda Azərbaycan Universitetində “Könüllülər ili” tədbirlər planı üzərində iş gedir. Tədbirlər planında nəzərdə tutulan tədbir və layihələrin həyata keçirilməsi ilə könüllülük fəaliyyətinin təbliği, tələbələrin onlar üçün yaradılmış imkanlardan maksimum istifadə etmələri diqqət mərkəzində saxlanılacaq, tələbələrimizin bu istiqamətdəki təşəbbüslərinə dəstək və fəallığın daha da artmasına töhfə verməyə çalışacağıq”, - deyə Lalə Dilənova qeyd edib.