ŞƏRH
Koordinasiya olunan dezinformasiya kampaniyaları qlobal iqlim mübarizəsini hədəf alır ŞƏRH
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransına qarşı yönəlmiş manipulyasiya cəhdləri ilə ölkəmizin dünya miqyasında əldə etdiyi əhəmiyyətli mövqeyə kölgə salmağa çalışırlar. Bu kampaniyalar saxta profillər və bot sistemləri vasitəsilə həyata keçirildiyi üçün Azərbaycan haqqında yanlış rəy yaratmaq məqsədini açıq şəkildə ortaya qoyur. Lakin belə çirkin kampaniyanı təşkil edənlər bilməlidirlər ki, onların səyləri ancaq gerçəkdən uzaq, süni bir illüziya yaratmaqla məhdudlaşacaq. Azərbaycanın ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və davamlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlər bu cür manipulyasiyaların təsirini azaldacaq qədər əhəmiyyətli və güclüdür. Bu sahədə ardıcıl olaraq mühüm addımlar atılır və bunlar qlobal səviyyədə müsbət qiymətləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Oğuz Mirzəyev söyləyib.
O bildirib ki, COP29-a hazırlıq çərçivəsində effektiv kommunikasiya strategiyası tətbiq edən Azərbaycan dövləti hər bir addımında şəffaflıq və operativ məlumatlandırma prinsipinə sadiqdir.
“Azərbaycanın qlobal miqyasda qazandığı müsbət imic və ölkəmizin beynəlxalq öhdəliklərinə olan sadiqliyi belə təxribatların təsirini minimuma endirmək üçün əsas amildir. Azərbaycan xalqı olaraq beynəlxalq iqlim təşəbbüslərində fəal rol oynayan ölkəmizi qürurla dəstəkləyir və belə cəhdlərə qarşı birgə mövqe nümayiş etdiririk. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq ictimaiyyətə inteqrasiyası və ekoloji məsələlərdə lider rolunu təsdiqləyən mühüm bir hadisədir. Azərbaycanın davamlı inkişaf prinsiplərinə olan sadiqliyi, ölkəmizin iqlim məsələlərində dünya ilə birgə irəliləməsini təmin edir. Saxta profillər və koordinasiya olunmuş dezinformasiya kampaniyaları yalnız Azərbaycanı deyil, bütün qlobal iqlim mübarizəsini hədəf alır və belə təşəbbüslərin zəiflədilməsini tələb edir. Azərbaycan bu təşəbbüslərə sadiq qalaraq COP29 konfransını uğurla təşkil etmək və dünya iqlim gündəliyinə öz töhfəsini vermək niyyətindədir”, - deyə O.Mirzəyev vurğulayıb.