KOREYA RESPUBLİKASI BAŞ NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ İKİTƏRƏFLİ SƏNƏDLƏR İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycanın Baş naziri Artur Rasizadə Koreya Respublikasının Baş naziri Han Sın Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Hökumət başçılarının təkbətək görüşündən sonra geniş tərkibdə Azərbaycan-Koreya danışıqları keçirilmişdir.
Azərbaycanın Baş naziri son vaxtlar sürətlə inkişaf edən Azərbaycan-Koreya əlaqələrini yüksək qiymətləndirmiş və demişdir ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının mühüm rolu olmuşdur. Məhz Azərbaycan və Koreya prezidentlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
A.Rasizadə ümidvar olduğunu bildirmişdir ki, Koreya Respublikası hökuməti nümayəndə heyətinin, habelə iş adamlarından ibarət böyük bir qrupun səfəri qarşılıqlı surətdə faydalı əməkdaşlığa və əmtəə dövriyyəsinin artmasına təkan verəcəkdir. Azərbaycan iqtisadiyyatının uğurlarından, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən qlobal nəqliyyat və enerji layihələrindən danışan A.Rasizadə vurğulamışdır ki, ölkənin başlıca problemi həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. O, ölkə rəhbərliyinin münaqişənin nizama salınmasına dair göstərdiyi səylərdən, bir sıra ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışmışdır.
Koreya Respublikasının Baş naziri Han Sın Su Azərbaycana səfərə dəvət etdiyinə, eləcə də nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Artur Rasizadəyə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın neft yataqlarının işlənməsi sahəsində həyata keçirilən uzaqgörən siyasəti, ölkəni qısa müddətdə regionun lider dövlətinə çevirən milli neft strategiyasını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanın dinamik inkişafı onun etibarlı tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirir.
Koreya Respublikası hökumətinin başçısı demişdir ki, onun dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
Danışıqlar zamanı qida sənayesi, kənd təsərrüfatı, elektronika, gəmiqayırma, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Hökumət başçılarının görüşünün sonunda Azərbaycan və Koreya respublikaları arasında iqtisadiyyat, sənaye və energetika, ekologiya, reyestr və torpaq qeydiyyatı, ətraf mühitin mühafizəsi, yol tikintisi sahələrində əməkdaşlığa, eləcə də diplomatik və xidməti rəsmi pasportlara malik şəxslərin qarşılıqlı viza tələblərindən azad olunmasına dair saziş və memorandumlar imzalanmışdır.
Sonda mətbuat konfransı keçirilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
######
![]() |
![]() |

