KOREYA RESPUBLİKASI BAŞ NAZİRİNİN İŞTİRAKI İLƏ BİZNES-NAHAR
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Baş naziri Han Sın Sunun Azərbaycana səfəri çərçivəsində mayın 19-da hər iki ölkənin iş adamlarının iştirakı ilə “Hyatt Regency” mehmanxanasında biznes-nahar təşkil olunmuşdur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov, Koreya Ticarət və Sənaye Palatasının (KCCI) prezidenti Kim Sanq-Yeol tədbir iştirakçılarını salamlamış, onlara uğurlar arzulamışlar.
Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev çıxış etmişdir. Nazir ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu vurğulamışdır. Heydər Babayev Azərbaycanın sosial-iqtisadi inkişafı, coğrafi mövqeyi, regionda lider dövlət olması barədə məlumat vermiş, iş adamlarının görüşünün əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini vurğulamışdır. O, Koreya Respublikasının Baş nazirini və iş adamlarını əmin etmişdir ki, Azərbaycanın dövlət orqanları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi, AZPROMO əməkdaşlığın qarşılıqlı faydalı olması üçün səyləri əsirgəməyəcəklər.
Koreya Respublikasının Baş naziri Han Sın Su nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirmiş və demişdir ki, xaricə səfəri son illər iqtisadi inkişaf sahəsində rekord göstəricilərə nail olmuş Azərbaycanda başa çatır və bu səfərin uğurla nəticələnəcəyinə əmindir. Onun sözlərinə görə, səfəri zamanı, coğrafi uzaqlığa baxmayaraq, ölkələrimizin yaxınlığının şahidi olmuşdur. Bakı küçələrində şütüyən “Daewo” maşınları, Koreya şirkətlərinin diqqəti cəlb edən reklamları bu inamı daha da möhkəmləndirmişdir. Baş nazir Azərbaycanın iqtisadi islahatlar və yeritdiyi fəal açıq siyasəti sayəsində Xəzər regionunda aparıcı dövlətə çevriləcəyinə inamını və Prezident İlham Əliyevə böyük hörmətini ifadə etmişdir. Qonaq ölkələrimiz arasında iqtisadi əməkdaşlığa dair faktlar gətirmiş və Azərbaycanın gələcəyini quranlara uğurlar arzulamışdır.
######
![]() |
![]() |

