İQTİSADİYYAT
Korporativ idarəetmənin təşkilinin qiymətləndirilməsi metodologiyası hazırlanmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin (İİN) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) təşkilatçılığı ilə “Azərbaycanda korporativ idarəetmə üzrə qiymətləndirici alətin işlənməsi” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə beynəlxalq təşkilatların, eləcə də Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və 20-yə yaxın sahibkar iştirak etmişdir.
İİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki seminarda qurumun korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu ilin əvvəlində nazirlik tərəfindən Azərbaycan korporativ idarəetmə standartları hazırlandığını və yerli şirkətlərə bu standartlar haqqında məlumat verildiyini bildirmişdir. Yerli şirkətlər tərəfindən Azərbaycan korporativ idarəetmə standartlarının tətbiqinin təşviqi və bu sahədə vəziyyətin öyrənilməsi məqsədi ilə aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə “Azərbaycan Respublikası şirkətlərində korporativ idarəetmənin təşkilinin qiymətləndirilməsi metodologiyası” hazırlanmışdır. Sənəd hazırlanarkən müvafiq qurumların və Qlobal Korporativ İdarəetmə Forumunun təklifləri nəzərə alınmışdır.
Metodologiya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının korporativ idarəetmə prinsiplərinin və Azərbaycan korporativ idarəetmə standartlarının əsasında hazırlanmışdır. Sənəddə şirkətlərdə korporativ idarəetmənin qiymətləndirilməsi üzrə meyarlar (korporativ idarəetmə prinsiplərinə əməl etmə, səhmdarların hüquqları, səhmdarlara eyni yanaşma, məlumatların açıqlanması və şəffaflıq və s.) və bu meyarların qiymətləndirilməsi metodu nəzərdə tutulur.
Meyarlar əsasında tərtib edilən suallar bülleten formasında İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az saytında yerləşdiriləcəkdir. Şirkətlər könüllü şəkildə həmin bülletenlərdə göstərilən sualları cavablandırmaqla elektron poçt vasitəsilə nazirliyə təqdim edəcəklər. Son mərhələdə bu bülletenlər əsasında həmin şirkətlərdə korporativ idarəetmə vəziyyəti müəyyən ediləcəkdir.
Seminarda Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin nümayəndəsi Filip Keller, Almaniyanın Korporativ İdarəetmə Komissiyasının və Qlobal İdarəetmə Forumunun özəl sektor üzrə məsləhət xidməti qrupunun üzvü Kristian Strenger yerli şirkətlərdə korporativ idarəetmənin təşkilinin qiymətləndirilməsi metodologiyasının əhəmiyyətindən danışmışlar.