CƏMİYYƏT
Kosta-Rikadakı icmamız Ermənistanın hərbi cinayətlərinə adekvat reaksiya göstərilməsini tələb edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Kosta-Rika Respublikasında yaşayan Azərbaycan icması 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bombardman edilmiş Azərbaycan şəhərləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, diaspor fəalı Solmaz Rəhimovanın adından beynəlxalq təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, Kosta-Rikada yaşayan azərbaycanlılar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirlər: “İnsanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri pisləyirik. Bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçiririk”.
Bəyanatda İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından, həmçinin cəbhə xəttindən onlarla kilometr aralıda yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini ağır artilleriyadan, ballistik raketlərdən, fosfor, kaset bombalarından istifadə etməklə dəhşətli müharibə cinayətləri törətdiyi diqqətə çatdırılıb. Nəticədə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Ermənistanın hərbi cinayətləri beynəlxalq hüququn norma və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyalarının və onlara Əlavə Protokolların müddəalarının kobudcasına pozulması kimi qiymətləndirilib.
Diaspor fəalı gələcəkdə analoji cinayət əməllərinin təkrarlanmaması naminə BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatları Ermənistanın hərbi cinayətlərinə adekvat reaksiya verməyə və bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.