Kuala Lumpurda sabiq baş nazir Nacib Razakın məhkəməsi başlanıb
Tokio, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Malayziya Ali Məhkəməsində sabiq baş nazir Nacib Razaka qarşı səlahiyyətləri aşma, “SRC International” dövlət investisiya fondundan 47 milyon rinqit (11,5 milyon dollar) məbləğində pulun yuyulması ittihamları ilə əlaqədar dinləmələr başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə CNA telekanalı məlumat yayıb. Bildirilir ki, sabiq baş nazirə qarşı ümumilikdə yeddi maddə üzrə ittiham irəli sürülüb və bunlardan yalnız üçünə əsasən ona 20 il həbsdə qalmaq və budaqlarla döyülmə yolu ilə cəzalar verilə bilər. Bundan əlavə, vurulan zərərin beş qatı məbləğində cərimə də kəsilə bilər. Lakin qeyd edilir ki, ilkin dinləmələr zamanı N.Razak prokurorluğun ittihamlarına qarşı bu maddələrin heç biri ilə özünü təqsirkar hesab etmədiyini deyib.
Məhkəmə iclasının fevralın 12-də başlanması planlaşdırılsa da vəkillərin apelyasiyaları və etirazları nəticəsində proses təxirə salınırdı. Son sorğu aprelin 1-də verilsə də qəbul edilməyib.
Bununla yanaşı, ittihamçı tərəfin nümayəndəsi Qopal Ram bəyan edib ki, “SRC International” fondunda korrupsiya ilə əlaqədar ittiham keçmiş baş nazirə qarşı böyük məhkəmə işinin yalnız başlanğıcıdır. Mayda “1MDB” dövlət investisiya fondunda mənimsəmələr və pulların yuyulması ilə bağlı digər məhkəmə prosesinin başlanacağı gözlənilir. Ümumilikdə, ötən il prokurorluq Nacib Razaka qarşı 42 maddə üzrə 681 milyon dollarlıq ittihamla çıxış edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio