KÜRDƏMİRDƏ TAXIL BİÇİNİNƏ BAŞLANMIŞDIR
Kürdəmir rayonunun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri ciddi hazırlıqdan sonra kütləvi surətdə taxıl biçininə başlamışlar.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, torpaq mülkiyyətçiləri 27,8 min hektar ərazidə bol məhsul yetişdirmişlər ki, bu da ötən illə müqayisədə 800 hektar çoxdur.
Biçinə 88 kombayn, 100-dək yedəkli traktor cəlb edilmişdir. Builki mövsümdə zəmilərdə 22 təzə kombayn işləyir. Kombaynlar yeni yaradılmış 3 aqrotexservisə, habelə ayrı-ayrı fermerlərə və fiziki şəxslərə məxsusdur. Yeni kombaynlar məhsul itkisini 3-4 sentner azaltmağa imkan verəcəkdir.
İlk növbədə arpa biçilir. Hər hektarın məhsuldarlığı 20 sentnerə yaxındır. Rayonun taxılçılıqla daha çox məşğul olan Sığırlı, Pirli, Karrar, Qarasaqqal və digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır.
Torpaq mülkiyyətçiləri taxıl biçinini iyunun sonunadək başa çatdırmaq əzmindədirlər. İlkin hesablamalara görə, builki kampaniyada zəmilərdən azı 56 min ton məhsul götürüləcəkdir ki, bu da ötən ildəkindən çoxdur.