KÜVEYT PARLAMENTİNİN ÜZVLƏRİ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Gənclər və İdman Nazirliyində Küveyt Dövlət Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq əlaqələrinin inkişafından danışmış, qeyd etmişdir ki, Küveyt dövləti ölkəmizdə bir neçə mühüm layihə həyata keçirmiş, o cümlədən kompyuter kursları açmış, Salyanda stadionun tikintisinə kömək etmişdir.
A.Rəhimov qonaqlara nazirliyin fəaliyyəti, idman və gənclər siyasəti ilə bağlı görülən işlərdən danışmış, idmançılarımızın son illər beynəlxalq miqyasda qazandıqları uğurlar barədə məlumat vermişdir.
Dostluq qrupunun rəhbəri, Küveyt Dövlət Milli Məclisinin üzvü Nasir Casim əl-Sani Gənclər və İdman Nazirliyində görüşün də səfər proqramına daxil edilməsindən razılığını bildirmişdir.
Qonaq Azərbaycanda olduğu müddətdə ölkəmizdə gedən proseslər, aparılan islahatlar barədə xeyli məlumat əldə etdiklərini, dövlətin gənclərə və idmanın inkişafına hərtərəfli qayğı göstərdiyinin şahidi olduqlarını diqqətinə çatdırmışdır. Küveytdə də gənclərin idmana böyük maraq göstərdiyini deyən dostluq qrupunun rəhbəri, hətta parlament üzvlərinin əksəriyyətinin idmanla sıx bağlı olduğunu vurğulamışdır. Sonda Küveyt parlamentinin üzvü qonaqpərvərliyə və doğma münasibətə görə nümayəndə heyəti adından minnətdarlığını bildirmişdir.