SİYASƏT
Laçınlı gənclər işğal altındakı torpaqlarımızı azad etməyə hazırdırlar
Ağcabədi, 1 fevral (AZƏRTAC). Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində 2 fevral - Gənclər Günü qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, laçınlı gənclər əvvəlcə Taxtakörpü qəsəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsini yad etmişlər.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatında keçirilən tədbirdə çıxış edənlər əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin Azərbaycan cəmiyyətindəki rolundan, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, müxtəlif sahələrdə qazandıqları uğurlardan danışmışlar.
Laçınlı gənclər Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ordu quruculuğu istiqamətində fəaliyyətini dəstəklədiklərini bildirmiş, işğal altındakı torpaqlarımızı azad etməyə hazır olduqlarını bəyan etmişlər.
Tədbirdə rayonun ictimai həyatında fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.