Lahıcı məşhurlaşdıran həm də onun tanınmış misgərləridir
İsmayıllı, 7 yanvar, Adil Ağayev, AZƏRTAC
Sənətkarlar məkanı kimi tanınan İsmayıllı rayonunun Lahıc qəsəbəsində XIX əsrdə xeyli sənət növü olub və onlardan ən məşhuru bu günümüzədək yaşadılan misgərlikdir. Mis əşyalardan istifadənin tarixi uzaq keçmişə təsadüf edir. 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında hər gün 400 nəfərə mis qablarda yemək verilməsi o vaxtın səyyahlarının yazılarında qeyd olunur.
Azərbaycanda Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil misgərlik sənətinin mərkəzləri hesab edilib. Lahıcda bu sənət növünün inkişafı əsasən XIX əsrdən başlayır. O vaxt Lahıc ustalarının əl işləri bir çox sərgidə də nümayiş etdirilib. Belə ki, 1850-ci ildə Zaqafqaziya sərgisi, 1873-cü ildə Ümumdünya Vyana sərgisi buna misaldır.
Əlbəttə, misgərliyin inkişafında xammal vacib amildir. Vaxtilə lahıclı milyonçu Hacı Ağadadaş Haqverdiyev 14 il Qafan və Qəbələ mis mədənlərinə sahiblik edib. Bol xammal XIX əsrin ortalarında lahıca 180-190 mis karxanasının fəaliyyətinə imkan verib. Lahıclı tacirlər burada hazırlanan mis qabları və digər əşyalarını Laqodexi yolu ilə atlarla Tiflis bazarına çıxarırdılar.
Ötən əsrin 70-ci illərinə kimi Lahıcda mis əridilər və müxtəlif əşyalar istehsal olunardı. XX əsrdə burada çox böyük misgərlik emalatxanası olub, gözəl əl işləri olan xeyli məşhur misgərlər çalışıb. Lahıc qəsəbə tam orta məktəbin direktoru, əməkdar müəllim Hikmət Haqverdili AZƏRTAC-ın bölgə müxbirinə bu barədə danışarkən deyib ki, emalatxanada Nağı, Cabil, Həmid, Ağaismayıl, Bəşir kimi çox tanınmış misgərlər çalışıb. Bu gün bu sənəti yaşadan Nəzər, Kəbləmi, Qurban və onun oğlu İlqar məhz həmin ustaların nəslindəndir.
Hikmət Haqverdili Lahıcda misgərlik sənətinin yaşadılması üçün işlərin görüldüyünü söyləyib. Bildirib ki, hələ sovet dönəmində Lahıc qəsəbə orta məktəbində misgərlik dərsi tədris olunub. Bu dərsləri Usta Nağı və Usta Novruz tədris ediblər. 1980-1990-cı illərdə İsmayıllı peşə məktəbinin Lahıc qəsəbə filialında misgərlik sinfi fəaliyyət göstərib.
2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu gün Lahıcı məşhurlaşdıran həm də misgərlərin hazırladıqları qab-qacaq və müxtəlif əşyalardır. Hər il qəsəbəyə gələn minlərlə turist bu sənət əsərinə laqeyd qala bilmir.
Qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Lahıcda olarkən qəsəbəyə və ətraf 4 kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən tədbirdə alışdırdıqları məşəl də Usta Kəbləmi və Usta Rza tərəfindən hazırlanmışdı.