SİYASƏT
Latviya hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini növbəti dəfə təsdiq etmişdir
Riqa, 2 aprel (AZƏRTAC). Xəbər verildiyi kimi, Latviyanın “Yana Seta” kartoqrafiya nəşriyyatı növbəti coğrafi atlas buraxmışdır. Həmin atlasda Dağlıq Qarabağ ərazisi Azərbaycanın tərkibində tanınmayan ərazi qurumu kimi göstərilmişdir. Cənubi Osetiya, Abxaziya, Şimali Kipr, Dnestryanı əraziləri və digər qondarma ərazi qurumları da xəritədə oxşar formatda göstərilmişdir.
Azərbaycan Respublikasının səfirliyi dərhal yaranan problemə reaksiya vermişdir. Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun təşəbbüsü ilə həmin insidentlə əlaqədar GUAM ölkələrinin Latviyadakı səfirlərinin təcili iclası keçirilmiş, həmçinin Latviya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüş olmuşdur.
Azərbaycan səfirliyi tərəfindən həmin faktla əlaqədar səfir Elman Zeynalovun müvafiq nota və məktubu Latviyanın xarici siyasət idarəsinin rəhbərinə təqdim edilmişdir. Sənəddə həmin insidentlə əlaqədar narahatlıq ifadə olunmuş, həmçinin növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələyə aydınlıq gətirilmişdir.
Latviya Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinə cavab notası göndərmişdir. Notada Latviya hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı rəsmi mövqeyini növbəti dəfə təsdiq edir. Sənəddə diqqətə çatdırılır ki, dərs vəsaiti olmayan “Yana Seta” atlası Latviya Respublikasının milli təhsil standartlarına uyğun deyildir və Milli Təhsil Mərkəzi tərəfindən bəyənilməmişdir.
Latviya Xarici İşlər Nazirliyinin notasında göstərilir ki, “Yana Seta” kartoqrafiya nəşriyyatı xüsusi şirkətdir və Latviya hökumətinin rəsmi mövqeyini nümayiş etdirmir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa