REGİONLAR
Lənkəran sakinlərinin qaz təsərrüfatına dair müraciətləri dinlənilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbul otağında həftənin ilk müraciətləri Lənkəran şəhərinin sakinləri tərəfindən səsləndirilib.
Aksiya iştirakçılarının ünvanladığı istək və xahişlər arasında qaz xəttinin yerinin dəyişdirilməsi, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi və debitor borcun hissələrlə ödənilməsinə güzəşt olunması kimi məsələlər yer alıb. Lənkəran şəhər sakini 10 ildən artıqdır ki, yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında ev aldığını, lakin bu günə kimi binanın təbii qazla təmin edilmədiyini bildirib. Lənkəran Regional qaz istismarı İdarəsinin (RQİİ) rəhbər şəxsləri vətəndaşa bununla bağlı ətraflı məlumat verərək üzləşdiyi problemin hansı səbəbdən qaynaqlandığını izah ediblər.
Hər bir müraciət Birliyin Lənkəran RQİİ-nin məsul şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.