Lənkəranda "Zəfərin mübarək, Azərbaycan!" adlı ədəbi-bədii kompozisiyalı tədbir təşkil olunub








Lənkəran, 5 noyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayon Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbində Zəfər bayramına həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri, Lənkəran rayon Ağsaqqallar şurasının sədr müavini, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin müdiri, Lənkəran Dövlət Universitetinin prorektoru, qazi və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının tarixi şanlı Qələbə qazandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. O, Vətən müharibəsində misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edildiyini diqqətə çatdırıb və tədbir iştirakçılarını bu münasibətlə təbrik edib.
Çıxışlarda Vətən müharibəsinin lider-xalq-ordu birliyi nəticəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığı diqqətə çatdırılıb.
Sonda Vətən müharibəsinin şəhidi, Darquba kənd tam orta məktəbinin məzunu, şəhid Eşqin Cəfərzadənin xatirəsinə salınmış park ziyarət olunub.