Lənkəranda birinci çay yığımına başlanılıb
Lənkəran, 5 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 5-də Lənkəran rayonunun İstisu qəsəbəsində “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin çay plantasiyasında 2018-ci ildə ilk çay məhsulunun yığımı münasibətilə bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar, çayçılıqla məşğul olan təsərrüfatların rəhbərləri, əmək kollektivlərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayonda fəaliyyət göstərən çay emalı müəssisələrinin istehsal etdikləri çay məhsullarından ibarət sərgiyə baxıblar. Onlara yerli çayların müxtəlif növlərindən dəmlənmiş çay dəstgahı və yerli meyvələrdən hazırlanmış mürəbbələr təqdim olunub.
Sonra çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda nübar çay məhsulunun yığımı münasibətilə əmək kollektivini və şənlik iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
T.Qaraşov çıxışında Lənkəranda zəngin tarixi ənənələrə malik çayçılığın son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə sürətlə inkişaf etdiyini, “Yaşıl çay” fermer təsərrüfatının üzvlərinin bu sahədə böyük əməyi olduğunu diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının bu gəlirli və mühüm iqtisadi əhəmiyyətli təsərrüfat sahəsinin dirçəldilməsinə güclü təkan verəcəyini, aqrar sahədə sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və bol çay məhsulu istehsalına əlverişli imkanlar yaradacağını vurğulayıb.
Bayram tədbirində çıxış edən “Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin rəhbəri Araz Yağubov ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da kənd təsərrüfatın inkişafına və bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Rayonun bədii özfəaliyyət və folklor kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Sonra çay yığımına start verilib.