REGİONLAR
Lənkəranda əkilən tritikale buğda sortu yüksək məhsuldarlığına və keyfiyyətinə görə seçilir FOTO VİDEO





Lənkəran, 22 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranda tritikale buğda sortu əkilən sahələrdə biçin işləri başa çatıb. Üç il əvvəl “Yaşıl çay” fermer təsərrüfatında sınaq məqsədilə yetişdirilən tritikale buğda sortunun əkin sahəsi ilbəil genişləndirilir.
AZƏRTAC xəbər verir ki, buğda və çovdar taxıl növlərinin hibridindən alınmış tritikale taxıl sortu yüksək keyfiyyətli və məhsuldardır, həmçinin heyvandarlıqda da böyük səmərə verir. Fermer Araz Yaqubov bu il 40 hektar sahədə bu taxıl sortunun əkinini həyata keçirib. Hər hektardan yüksək məhsul götürməsi fermeri gələcəkdə əkin sahələrini genişləndirməyə həvəsləndirir: “Hər hektara altı ton yarım məhsul götürdüm. Amma bu taxıl sortunun imkanları daha genişdir. Bir hektara səkkiz ton yarıma qədər məhsul verə bilir. Fermerlərə tövsiyə edərdim ki, bu taxıl sortundan əksinlər. Sərt taxıl sortudur, yumşaq taxıl sortu deyil. Amma məhsuldarlığı digər sortlarla müqayisədə yüksəkdir”.
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutundan əldə olunan elit tritikale sortu yüksək məhsuldarlığına və keyfiyyətinə görə arpadan geri qalmır. Sahələrə vaxtında aqrotexniki qulluq göstərilib və gübrədən istifadə olunmayıb. Bu da biçilən məhsulun tam orqanik olması deməkdir.
“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov qeyd edib ki, taxılı əkdikdən sonra gübrə versəydi, daha çox məhsul götürərdi: “Gübrədən taxılın əkinində istifadə etməmişik. Torpaq şumlandıqdan sonra tam aqrotexniki qulluq göstərilib, alaq otları təmizlənərək əkin işləri aparılıb”.
“Aqrolizinq” ASC tərəfindən sahəyə cəlb olunmuş yeni növ taxılbiçən kombayn vasitəsilə məhsul tam itkisiz toplanıb. Yeni kombaynlar nahamar relyefli dağlıq və dağətəyi ərazilərdə dəmyə şəraitində əkilən dənli bitkilərin yığımını digər kombaynlarla müqayisədə daha rahat şəkildə həyata keçirir.
Yeni kombaynlarla bağlı fikirlərini bölüşən mexanizator Nəsrəddin Rüstəmov deyib: “Kombaynın yaxşı işlək sistemi var. Texnikanın monitorunda məhsulun itkisiz yığımı göstərilir. Köhnə kombaynlarla məhsul itkisi 25-30 faiz olurdu”.
Aparılan tədqiqatların nəticəsinə görə, tritikale məhsuldar, xəstəliyə davamlı, daha az sahədə bol məhsul verən taxıl növüdür. Heyvandarlıqla məşğul olan aztorpaqlı təsərrüfatçıların tritikale əkininə üstünlük verməsi daha məqsədəuyğundur.