Lənkəranda hallabonq bağlarının sahəsi 100 hektara çatdırılıb
Lənkəran, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC
Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınmağa başlanılıb. İlkin olaraq 15 hektar sahədə sınaq əkini aparılıb. Nəticələr müsbət olduğundan hallabonq bağlarının sahəsi 100 hektaradək genişləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Lənkəranın sitrus bağlarında hallabonq yığımına başlanılıb.
Bir hallabonq meyvəsinin çəkisi 300-350 qram olur. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək mümkündür. Bu, digər sitrus meyvələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Qış aylarında ağaclardakı meyvələr xüsusi qaydada örtüklərlə qorunur.
Hazırda Lənkəran rayonunun Sütəmirdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində hallabonq bağları salınıb. Gələcəkdə isə digər ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.
Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.
Qeyd edək ki, hallabonq dünyada ilk dəfə ötən əsrin 70-ci illərində təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilib.