Lənkəranda məktəbli gənclərin ümumrayon forumu keçirilib
Lənkəran, 5 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş məktəbli gənclərin ümumrayon forumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Forumda Mərkəzin direktoru Reyhanə Sadıxovanın, şəhər təhsil şöbəsinin müdiri Aslan İbrahimovun, Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafovanın və başqalarının çıxışları olub.
Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının xilaskarı, iki əsrin nəhəng ictimai xadimi, siyasi lideridir. Ulu Öndər hər zaman böyüməkdə olan gənc nəslə də diqqət və qayğı ilə yanaşıb. Dahi şəxsiyyət Heydər Əliyevin həyatı hər bir məktəbli gənc üçün böyük örnək olmalıdır.
Mərkəzin rəsm studiyasının istedadlı gənc rəssamlarının Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri rəsm əsərləri, dekorativ tədbiqi sənət nümunələri və Mərkəzin rəqs hazırlıq kursunun uşaqlarının ifasında bir-birindən maraqlı rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda təhsil nailiyyətlərinə görə “İctimai fəal şagird” və “Gənc istedad” nominasiyası üzrə qaliblər Heydər Əliyev Mərkəzinin xüsusi diplomları ilə mükafatlandırılıblar.