Lənkəranda qadın futbolu inkişaf etdirilir
Lənkəran, 5 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəranda yaradılmış qızlardan ibarət "Mələklər" futbol komandası özünün inkişaf dövrünü yaşayır. Komandaya AFFA tərəfindən lazımi dəstək göstərilir.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə məşqçilik üzrə kateqoriya alan futbolçu Sevanə Nurullayeva Lənkəranda 13 yaşlı qızlardan ibarət komandanı yaratmağa müvəffəq olub. “Mələklər” futbol komandası məşqlərini bir vaxtlar “Fırtınalar meydanı” adlanan “Xəzər-Lənkəran” Mərkəzi Stadionunun kiçik meydançasında keçirir.
Komanda ölkə çempionatında 8 oyun keçirməklə üç dəfə qələbə sevinci yaşayıb. Sevanə Nurullayeva yeni komandanın gələcəyinə çox ümid bəsləyir: “Hazırda turnir cədvəlində 4-cü yerdəyik. Gələn il üçün daha böyük hədəfimiz var. Bu il üçün əsas məqsədimiz uşaqları futbola cəlb etmək, onlara futbolu öyrətməkdir”.
Məşqçinin sözlərinə görə, “Mələklər” çempionatda Ağcabədi, İsmayıllı, İmişli komandaları ilə qarşılaşıb. Hazırda birincilik davam edir.
AFFA komandanı forma və stadionla, digər ləvazimatlarla təmin edir. Nəqliyyat və yemək xərclərini, digər maliyyə problemini də bu federasiya qarşılayır.
On beş yaşından futbol oynayan Sevanə Nurullayeva Bakı, Qəbələ və Zaqatala komandalarının da üzvü olub. Bu müddət ərzində ölkə çempionatlarının gümüş və bürünc mükafatlarını almaqla yanaşı, Azərbaycan çempionu adını da qazanıb. Qadın futbolçu hazırda yüksək kateqoriya üzrə təhsil alır. O, “Xəzər Lənkəran”ın 11 yaşlılardan ibarət komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir. Ən böyük arzusu isə Lənkəranda qadın futbolunu inkişaf etdirməkdir.