Lənkəranda Yaponiyadan gətirilmiş yeni növ çay bitkisi əkilib
Lənkəran, 2 may, Bağır Əliyev, AZƏRTAC
Son illər ölkəmizin cənub bölgəsində, o cümlədən Lənkəranda ənənəvi təsərrüfat və əkin sahələrinin inkişafı sahəsində bir sıra uğurlar qazanılıb.
Ötən il sentyabrın 3-də Lənkəranda Prezident İlham Əliyevin sədrliyi ilə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının proqram xarekterli nitqi, çayçılıqla bağlı Dövlət Proqramının qəbul edilməsi bu sahədə çalışan məhsul istehsalçıları üçün geniş üfüqlər açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun çaybecərənləri çayçılığın inkişafı istiqamətində beynəlxalq təcrübədən də yararlanırlar. Bu il ilk dəfə Yaponiyanın çayçılıq üzrə ixtisaslaşmış şirkəti ilə bağlanmış müqavilə əsasında rayona gətirilmiş yeni növ çay bitkisinin əkini həyata keçirilib.
Aqronom Rövşən Əliyev Yaponiyadan gətirilmiş yeni çay növlərinin həm məhsuldarlığı və keyfiyyəti, həm də şaxtaya davamlılığı baxımından fərqləndiyini bildirib.
Yaponiyadan gətirilmiş üç növ yeni çay bitkisi sınaq məqsədilə hələlik 0,15 hektar sahədə əkilib. Yeni növ çay növlərinin əkin üsulu da fərqlidir. Belə ki, cərgələr polietilen örtüklərlə örtülür, daha sonra xüsusi alət vasitəsilə torpaq üzərindəki həmin örtüklərdə dəliklər açılmaqla, çay əkini həyata keçirilir.
Xaricdən gətirilmiş yeni çay növləri üç il ərzində sınaq müddəti keçdikdən sonra, artırılaraq yeni ərazilərə köçürüləcək.