REGİONLAR
Lənkəranda yeni qaragilə sortları yetişdirilir - əsas hədəf Rusiya bazarına çıxmaqdır FOTO







Lənkəran, 3 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəran rayonunun Separadi kəndi ərazisində yerləşən 150 hektarlıq sahəni əhatə edən qarışıq meyvə bağında bu ildən etibarən yeni qaragilə sortlarının əkininə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ən müasir aqrotexniki xidmətlərin aparıldığı bağda 7 hektara yaxın ərazidə qaragilə sahəsi salınıb. Ümumilikdə təsərrüfat sahəsində 20 min tingin əkilməsi nəzərdə tutulub. Təsərrüfat rəhbəri Nasir Cəfərzadənin sözlərinə görə, məhsul təkcə yerli bazar üçün deyil, həm də ixrac məqsədilə yetişdirilir: “Hazırda 5 hektar sahə əkilib, indi də əkin davam edir. Bu qaragilə sortu dadına və keyfiyyətinə, məhsuldarlığına görə üstündür. Əsas hədəfimiz Rusiya bazarına çıxmaqdır. Çünki Azərbaycanda yetişən qaragilə orada keyfiyyətinə və dadına görə yaxşı satılır”.
Bağın salınması üçün Türkiyədən 3 yeni qaragilə sortu gətirilib. Hər bir sortun yetişmə dövrü fərqlidir. Bu yeni sort bazarı daim meyvə ilə təmin etməyə imkan verəcək. Əkin zamanı torpağın üzərinə polietilen örtüklər deyil, hava buraxan parça bezlər çəkilir. Məqsəd torpağın sərin saxlanması, eyni zamanda, bitkinin zərər görməsinin qarşısını almaqdır. Yeni sort xəstəlik və zərərvericilərə, eləcə də şaxtaya qarşı davamlıdır.
Aqronom Məhəmməd Efe bildirib ki, yeni sort fidanlar Türkiyədən gətirilib. Fidanlar gələn ildən məhsul verməyə başlayacaq. Növbəti illərdə hər qaragilə kolu orta hesabla 5-7 kiloqram məhsul verəcək.