REGİONLAR
Lənkərandakı yol qəzasında xəsarət alan 24 nəfərdən 13-ü ambulator müalicə üçün evə buraxılıb- YENİLƏNİB-3 VİDEO



Lənkəran, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı yenilənmiş məlumatda bildirilib.
Qeyd olunub ki, yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.
15:49
Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "VAZ" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb.
Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.
14:47
Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Onlar vəziyyətlərinə uyğun olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
14:05
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran ərazisindən keçən hissəsində olub. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.