DÜNYA
Liviya və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb
Qahirə, 26 oktyabr, AZƏRTAC
Liviyanın müvəqqəti milli birlik hökumətinin başçısı Əbdülhəmid əl-Dbeybə ilə Türkiyənin müdafiə naziri Hulusi Akar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair iki saziş imzalayıblar.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Liviyanın Baş nazirinin ofisi bu sənədlərin 2019-cu ildə rəsmi Ankara və Tripoli arasında imzalanmış hərbi-texniki əməkdaşlığa dair müqavilənin şərtlərinin yerinə yetirilməsi mexanizmlərini əks etdirdiyini bildirib. Liviyalı hərbi pilotların Türkiyədə hərbi təlim kurslarında iştirakı da nəzərdə tutulur.
Qeyd edək ki, Aralıq dənizində olan karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı fonunda Türkiyə BMT-nin rəsmi olaraq tanıdığı Tripolidə olan hökuməti dəstəkləyir və tərəflər arasında yeni sazişlər imzalanır. Liviyanın şərqindəki parlamentin təyin etdiyi Fəthi Başağa hökumətini isə bəzi ərəb ölkələri və general Xəlifə Həftarın silahlı qüvvələri müdafiə edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə