L.LAVROVA: “BAKU” VƏ “İRS” JURNALLARINI “RUSİYAYA PƏNCƏRƏ” ADLANDIRMAQ OLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya hökumətinin və RF Prezidenti administrasiyasının orqanı, Rusiyanın qocaman və populyar “Rodina” nəşrinin əlavəsi olan “Aktual proqnozlar toplusu. Rusiya: üçüncü minillik” (“Vestnik aktualnıx proqnozov. Rossiya: Tretye tısyaçeletiye”) jurnalının növbəti nömrəsində Rusiyanın mədəni əlaqələrindən bəhs edən “Müxtəlif dünyalar” (“Profili mirov”) başlıqlı məqalədə Azərbaycanın iki dövri nəşri haqqında söhbət açılır. Məqalənin müəllifi tanınmış rusiyalı ədəbiyyat tənqidçisi, toplunun mədəni srategiya və sosial siyasət şöbəsinin müdiri Lyudmila Lavrovadır.
“Mədəniyyət evi” rubrikasının aparıcısı Lyudmila Lavrova yazır: “Rus mədəni məkanında Azərbaycandan bəhs edən iki nəşrin yaranmasını Rusiyaya pəncərə adlandırmaq olar (naşirlər özləri bu niyyətdədir). Onlardan birinin - çox dolğun və gözəl illüstrasiya edilmiş “Baku” jurnalının (redaktor Leyla Əliyevadır) birinci nömrəsi yaxın vaxtlarda çapdan çıxmışdır, “İRS-naslediye” adlanan ikinci nəşrin (redaktor Musa Mərcanlı) artıq 31 nömrəsi çapdan çıxmışdır və onun, internet şəbəkəsi də daxil olmaqla, öz oxucu auditoriyası var”.
Məqalədə qeyd edilir ki, hər iki jurnal Rusiyada Azərbaycan İli çərçivəsində keçirilən aksiyaların müəyyən mənada davamıdır. Siyasi deyil, mədəni maarif və informasiya xarakteri daşıyan bu nəşrlər iki ölkə arasında yüz illərdən bəri yaranmış, lakin ötən əsrin 90-cı illərində zəifləmə meyli müşahidə olunan qarşılıqlı anlaşma sahəsini genişləndirir.
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə yaxşı tanış olan L.Lavrovanın fikrincə, “Baku” jurnalının ilk nömrəsi üçün şəxsən respublika Prezidenti İlham Əliyevin qeyri-rəsmi müsahibə verməsi faktı göstərir ki, Azərbaycanda iki xalqın mədəniyyətlərinin dialoquna çox ciddi əhəmiyyət verilir. Müəllif qeyd edir ki, “Baku” jurnalının baş redaktoru bu nəşrin ilk nömrəsinin oxucularına müraciətində onlara “son dərəcə maraqlı faktların, çox səmimi müsahibələrin və qeyri-adi əhvalatların yeni və orijinal mənbəyini” vəd edir. “Ən başlıcası isə budur ki, jurnalda Azərbaycanın bütün ab-havasının rəmzi təcəssümü olan respublika paytaxtına yığcam tərif verilir, qeyd edilir ki, burada modernləşmə, inkişaf və milli ənənələrə sadiqlik, bir sıra mədəniyyətlərin “məxsusi stil” kimi təcəssüm etmiş zəngin dəyərləri, ümumi dil tapmağa çalışan müxtəlif millətlərə mənsub olan insanlar cəmləşmişdir”, - deyən L.Lavrova məxsusi vurğulayır ki, jurnalın bestseller tipli olması redaksiyanın uğurlu tapıntısıdır. Bu, yeni nəşrin çoxlu oxucu qazanacağını vəd edir”.
“İRS-Naslediye” jurnalından söhbət açan Lyudmila Lavrova qeyd edir ki, bu nəşrdə tarixi-mədəni problemlərə daha çox diqqət yetirilir. Müəllifin sözlərinə görə, jurnalın son nömrəsində Bakıda 1918-ci ilin mart hadisələri və 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi barəsində rus oxucularına o qədər də məlum olmayan materiallar, eləcə də sufi cərəyanının müqəddəs ziyarətgahı - müsəlman memarlığının incilərindən olan Pir Hüseyn xanəgahı haqqında məqalə diqqəti xüsusilə cəlb edir.
Daha sonra L.Lavrova yazır: “Rəngkarlıqda özünün icad etdiyi orijinal texnikadan istifadə edən - neftlə şəkil çəkən müsair rəssam Sabir Çopuroğlu haqqında məqalə sensasiya təsiri bağışlayır. Rəng çalarlarının dinamikası, parlaqlığı və zənginliyinə görə onun işləri alman ekspressionistlərinin tablolarına yaxındır”.
Lyudmila Lavrovanın qənaətinə görə, “Azərbaycanın mədəniyyəti, onun adət və zövqləri, tarixi və müasir dövrünə pəncərələr taybatay açılmışdır və bu, heç şübhəsiz, Rusiyaya dost xalqın mentalitetini daha yaxşı öyrənməyə kömək edəcəkdir”.
“Aktual proqnozlar” məcmuəsinin həmin nömrəsində Lavrovanın maraqlı bir essesi də dərc olunmuşdur. Məşhur həmvətənimiz Ümbülbanunun (Baninin) taleyinə, onun İvan Buninlə dostluğuna həsr edilmiş bu essedə mədəniyyətlərin qarşılıqlı təsiri sahəsində fədakar təbliğatçı, yazıçının həyatının naməlum dövrünü rus dünyası üçün kəşf etmiş, “Fəxri legion” ordenli Ramiz Abutalıbovun rolu xüsusi vurğulanır. Esse müəllifi yazır: “Məhz R.Abutalıbov kimi insanların səyləri sayəsində dünya mədəniyyətinin ucsuz-bucaqsız kainatında mənəvi və tarixi varislik telləri qırılmır. “Allahın səma bağlarının qara qızılgülü” adlanan bu essedə (İvan Bunin azərbaycanlı mühacir yazıçı Ümbülbanunu belə adlandırmışdı) həmvətənimizin həyatından bəhs edən tarixi arxiv materiallarından istifadə edilmişdir.
“Aktual proqnozlar toplusu” kimi nüfuzlu nəşrdə bu cür yazırların dərc edilməsi, heç şübhəsiz, Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.