İDMAN
“Lokomotiv”i Peter Hilkoya etibar etmişlər
Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycanın “Lokomotiv” voleybol klubu yeni mövsümdə Belarus mütəxəssisi Peter Hilko ilə işləmək qərarına gəlmişdir.
AZƏRTAC xəbər verir ki, yeni baş məşqçi “dəmiryolçularla” sonradan birillik müqavilə imzalamışdır. İndi məşqçini çətin bir mövsüm gözləyir. Axı, komanda Çempionlar Liqasında “Rabitə” və “Azərreyl” klubları ilə yanaşı mübarizə aparacaqdır.
Hilko milli voleybolumuzda yabançı deyildir. O, inişilki mövsümdə “İqtisadçı”nın məşqçisi olmuşdur. Onun rəhbərliyi altında klub Superliqanın bürünc medalını qazanmışdır. Sonra belaruslu məşqçi Rusiyaya gedərək “Avtodor-Metare” klubunda işləmişdir. O, “Lokomotiv”də kluba Çellenc Kubokunu qazanmaqda, habelə ölkə çempionatında ikinci yeri tutmaqda kömək etmiş Sloveniya mütəxəssisi Draqutin Baltiçi əvəzləmişdir. Məhz bu səbəbdən “dəmiryolçular” Çempionlar Liqasında oynamaq hüququ qazanmışlar. Yeni məşqçilər heyəti hazırda klubun tərkibini müəyyən etməlidir.