İDMAN
London Olimpiadasında medallar qazanmış rusiyalı idmançıların mükafatlandırılması üçün Rusiyanın dövlət büdcəsindən təqribən 300 milyon rubl ayrılacaqdır
Moskva, 13 avqust (AZƏRTAC). London Olimpiadasında medallar qazanmış idmançıların mükafatlandırılması üçün Rusiyanın dövlət büdcəsindən təqribən 300 milyon rubl ayrılacaqdır.
Rusiya İdman Nazirliyinin mətbuat xidməti bildirmişdir ki, bu məbləğ təyin edilərkən bütün medalçıların sayı nəzərə alınmışdır. Hökumətin 26 yanvar tarixli qərarına əsasən Olimpiadada qızıl medal almış idmançıların hər birinə 4 milyon rubl, gümüş medal alanların hərəsinə 2,5 milyon rubl, bürünc medal alanların hər birinə 1,7 milyon rubl mükafat veriləcəkdir.
Medalı komanda qazanmış olduqda həmin komandanın bütün iştirakçılarına mükafatlar verilməlidir. İdmançılarla bərabər, məşqçilər, tibbi heyət və idmançıların hazırlanması ilə məşğul olmuş digər şəxslər də hökmən mükafatlandırılacaqlar.
İdman naziri Vitali Mutko bundan əvvəl bildirmişdir ki, idmançılar regionların rəhbərlərindən və idman federasiyalarından əlavə mükafatlar ala bilərlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva