LÜTFƏLİ ABDULLAYEVİN 95 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə “İbrus” Teatrında xalq artisti, SSRİ dövlət mükafatı laureatı Lütfəli Abdullayevin anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir.
Tədbirdə kinoşünas Aydın Kazımzadə Lütfəli Abdullayevin həyat və yaradıcılığına dair məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, 1914-cü ildə Nuxa (indiki Şəki) şəhərində anadan olan L.Abdullayev Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Koservatoriyasının vokal sinfində təhsil almış, bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrının xorunda işləmişdir. Lakin onun fəaliyyəti Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olmuşdur. Bu teatrın səhnəsində Möhsün (“Beş manatlıq gəlin”), Qoşun (“Toy kimindir?”), Dursun (“Durna”), Qəhrəman (“Gözün aydın”), Məhəmməd (“Ulduz”), Mitoş (“Hicran”) kimi sanballı və unudulmaz rollar oynamışdır.
Yumordan məharətlə istifadə etməyin, komik vəziyyətləri realist planda tamaşaçılara çatdırmağın L.Abdullayevin yaradıcılığı üçün səciyyəvi olduğunu diqqətə çatdıran natiqlər demişlər ki, onun kinoda debütü 1945-ci ilin istehsalı “Arşın mal alan” musiqili kinokomediyasındakı Vəli obrazıdır. Bu obraza görə unudulmaz aktyorumuz 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Bundan sonra onun kinodakı fəaliyyəti də uğurlu olmuşdur. Görkəmli sənətkar bir-birinin ardınca “O olmasın, bu olsun”da Baloğlan, “Qəribə əhvalat”da Kefçilov, “Payız konserti” filmində Təşkilatçı, “Ulduz” və “Əhməd haradadır?” kinokomediyalarında müvafiq olaraq Məhəmməd və Zülumov surətlərini də məharətlə yaratmışdır.
Tədbirdə vurğulanmışdır ki, yaratdığı təkrarsız obrazları ilə tamaşaçılarına sonsuz sevinc və gülüş bəxş edən sənətkarın əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Xatirə gecəsində 1962-ci ildə çəkilmiş və bu il bərpa olunaraq Rusiya Dövlət Film Fondundan gətirilmiş “Payız konserti” filmi nümayiş etdirilmişdir.
Axırda Gülnarə Abdullayeva atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.