Macarıstan Azərbaycanı “dar günün dostu” kimi səciyyələndirir

Bakı, 23 may, AZƏRTAC
“Azərbaycanın dünya birliyindəki nüfuzu getdikcə yüksəlir. Artıq beynəlxalq ictimaiyyət də respublikamızı dünyanın sayılıb-seçilən dövlətlərindən biri kimi qəbul edir. Azərbaycanın inkişaf etmiş dövlətlərlə yanaşı, Mərkəzi və Şərqi Avropa ölkələri ilə də əlaqələri yeni siyasi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfəri, keçirdiyi görüşlər, mətbuata bəyanatla çıxışı, o cümlədən Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və bu nüfuzlu tədbirdə ölkəmizin inkişafı ilə bağlı ətraflı məlumat verməsi Azərbaycanın beynəlxalq aləmdə artan reytinqindən xəbər verir. Prezidentin bu səfəri ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, həm də iki ölkənin geosiyasi maraqlarının üst-üstə düşdüyü bir dövrə təsadüf edir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki biz zaman-zaman bu təşkilatın ikili siyasətinin, açıq şəkildə ermənipərəst mövqeyinin şahidi olmuşuq. Bu qurumun davranışları, təşkilatın rəsmilərinin səsləndirdikləri bəyanatlar heç də obyektivliyi əks etdirmir. Ötən il Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun, necə deyərlər, “gəmidə oturub, gəmiçi ilə dava etməsi”ni xatırlatmaq istərdim. O, özünün “X” hesabında Azərbaycana qarşı əsassız iddia ilə çıxış etmiş, ölkəmizin məhkəmə sistemini hədəf alaraq həbs edilənlərə qarşı kobud davranıldığını bildirmişdi. Belə əssasız və məsuliyyətsiz faktlar onlarladır. Halbuki, inkişaf etmiş Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və digər ölkələrdə polis zorakılığı barədə çoxlu sayda faktlar mövcuddur. Macarıstanın ikili standartlardan əl çəkə bilməyən belə bir qurumda, necə deyərlər, baş çıxarması ölkə rəhbərliyinin yeritdiyi siyasi xəttin obyektivliyindən xəbər verir.
Siyasi şərhçi bu faktların Prezident İlham Əliyevin mətbuata bəyanatında da səsləndirildiyni xatırlatdı: “Prezident dedi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da, böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.
Ə.Bədəlov Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatında ölkəmiz və Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirləri xüsusi vurğulayaraq deyib ki, Baş nazirin öz ölkəsinin Azərbaycanla dostluğunu “dar gündə tanınan dost” kimi səciyyələndirməsi hər bir azərbaycanlıda qürur hissi yaradır. O deyib ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.
Siyasi şərhçi Azərbaycanın təkcə Macarıstanın deyil, bütövlükdə, Mərkəzi və Şərqi Avropa ölkələrinin də dar günlərində onların yanında olduğunu bildirib. Bunu faktlar da təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Ə.Bədəlov Macarıstanla Azərbaycanın bütün başqa məsələlərdə də dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. Deyib ki, diqqət çəkən məqamlardan biri də Macarıstanın təşəbbüsü ilə Budapeştdə TDT Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi oldu. Bu qurumun qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur. Xatırladaq ki, birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Bu estafeti Macarıstanın alması alqışa layiqdir. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır.
“Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı Türk dövlətləri ilə Avropa arasında yeni əməkdaşlıq modelinin formalaşmasına təkan verəcək, eyni zamanda, Azərbaycanın enerji, siyasi və iqtisadi mövqeyini daha da möhkəmləndirəcək” – deyə Ə.Bədəlov bildirib.